Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkəmizin təqvimində Şəhrivər ayının 12-si (3 sentyabr) “Müstəmləkəçiliklə Milli mübarizə günü ” kimi qeyd olunub. Bu gün İranın cənub bölgəsində, xüsusilə də şücaətli Buşehr və Delvar şəhərlərinin sakinlərinin bu torpağın ərazi bütövlüyünün, vətənin və milli sərvətlərin qorunması yolunda göstərdiyi igidlik və fədakarlıqları xatırladır. Onlar bu torpağın varlığını və ərazi bütövlüyünü qorumaq üçün heç bir səydən və fədakarlıqdan çəkinməyiblər. Lakin hər şeydən əvvəl bu gün şəhid, böyük şəxsiyyət – Rəisəli Delvarinin adını xatırladır.
1915-ci ildə Böyük Britaniya Buşehr şəhərini işğal etdi. Şəhid Rəisəli Delvari və onun silahdaşları isə müstəmləkəçilərin hücumunun qarşısında dayandılar. O, Buşehr və Tənqistan bölgələrində Britaniya qüvvələrinə qarşı cənub qiyamına rəhbərlik etdi və məhz bu müqəddəs yolda şəhidlik məqamına ucaldı.
Cənub bölgəsindən olan mücahid qəhrəman
Rəisəli Delvarinin şəxsiyyətini və göstərdiyi qəhrəmanlığı müxtəlif aspektlərdən təhlil etmək mümkündür: İranın cənubundan çıxmış mübariz və mücahid, xarici qüvvələrin mövcudluğuna və müdaxiləsinə qarşı müqavimətin siması, İran xalqının yad qüvvələrin hökmranlığına qarşı mübarizəsinin rəmzi. Lakin bəlkə də onun daha dərin mənası bütün bu təsvirlərdən daha geniş bir məzmunda gizlənir.
Məsələni daha ətraflı izah etsək, Rəisəli Delvarinin əhəmiyyəti yalnız xarici bir gücün qarşısında dayanmasında deyildi. Daha mühüm olan isə onun başqasının özü və xalqının taleyi haqqında qərar vermək və İranın torpaqlarına və sularına hakim olmaqla öz məqsədlərinə çatmaq haqqını qəbul etməməsi idi.
Müstəmləkəçilik – yad qüvvənin coğrafi hökmranlığından daha geniş anlayış
Yazıçı və müasir tarix üzrə təhlilçi Mustafa Şücai hesab edir ki, biz müstəmləkəçiliyi adətən ərazinin işğalı, sərvətlərin ələ keçirilməsi, hərbi mövcudluq və siyasi müdaxilə ilə əlaqələndiririk. Bunlar, əlbəttə, müstəmləkəçiliyin aşkar formalarıdır. Lakin müstəmləkəçilik daha dərin mənada yalnız torpağın ələ keçirilməsindən ibarət deyil, müstəmləkəçilik iradənin ələ keçirilməsidir.
Ola bilər ki, xarici əsgər bir ölkəyə daxil olaraq onun torpağını işğal etsin. Lakin hökmranlığın daha mürəkkəb forması o zaman meydana çıxır ki, bir xalq tədricən öz gələcəyi barədə qərar vermək qabiliyyətinə malik olmadığına və onun əvəzinə başqasının qərar verməli olduğuna inanmağa başlayır.
O, həmçinin əlavə edib: Bu baxımdan nəzərə almaq lazımdır ki, müstəqillik məsələsi yalnız coğrafi sərhədlərin qorunmasından ibarət deyil. Müstəqillik siyasi anlayış olmaqdan əvvəl insani bir anlayışdır. Yəni insan və cəmiyyət öz həyatı və gələcəyi haqqında qərar verə bilməlidir.
Məhz buna görə də müstəqilliyi yalnız xarici ordunun hansısa ölkənin ərazisindən çıxması ilə ölçmək olmaz. Çünki bir ölkə coğrafi baxımdan müstəqil ola bilər, lakin onun siyasi, iqtisadi və tarixi iradəsi daim xarici güclərin qərarlarının predmetinə çevrilirsə, deməli, müstəqillik məsələsi hələ başa çatmayıb. Məhz bu məqamda şəhid Rəisəli Delvarinin xatirəsi müasir dünya ilə dialoqa girə bilər.
Vətən qəhrəmanlarını nümunəyə çevirmək üçün media fəaliyyətinin zəruriliyi
Yeni nəslin, xüsusilə də müasir media məzmunlarının müxtəlifliyi, o cümlədən virtual məkan və sosial şəbəkələrlə qarşılaşdığı bir dövrdə əsasən Amerika və ya Şərq mənşəli nümunələri özünə örnək götürdüyü bir şəraitdə Rəisəli Delvari kimi vətən qəhrəmanlarını nümunə kimi təqdim etmək istiqamətində bizim fəaliyyətimizin zəif olması qəbuledilməzdir.
Şəhid Rəisəli Delvarinin müstəmləkəçiliyə qarşı mübarizə nümunəsinin bu gün yeni nəsilə tanıdılması bir zərurətdir. Xüsusilə ona görə ki, müasir ağıllı, hadisələrə hekayə və süjet üzərindən yanaşan, sürətli düşünən nəsillə qarşılaşdığımız bir dövrdə müəyyən mücərrəd anlayışları onlara çatdırmaq çətindir. Bu anlayışları yalnız konkret, kimlik formalaşdıran və praktik bir çərçivədə yenidən izah etməklə və onları sənətkarlıqla təqdim etməklə gənc nəslə çatdırmaq mümkündür.
Şübhə yoxdur ki, şəhid Rəisəli Delvari kimi şəxsiyyətlər və onun yolunun davamında Tənqisiri kimi sərkərdələr və digər şəhidlər müstəmləkəçilik və hegemonluğa qarşı müqavimətin simvolu olaraq nümunə formalaşdırmaq üçün misilsiz imkanlara malikdirlər.
Lakin nəzərə almaq lazımdır ki, bu nümunələri təqdim edərkən elə bir üsul seçilməlidir ki, cəmiyyətin yeni nəsli onlarla asanlıqla özünü eyniləşdirə bilsin. Bununla yanaşı, bu mövzuda yalnız bir istiqamətli və sənətkarlıqdan uzaq təqdimatlardan da çəkinmək lazımdır.
Ağıllı yaradıcılığa ehtiyacımız var
Digər tərəfdən, təcrübə göstərir ki, bu sahədə fəaliyyətin quru tarixi məlumatlar və ya şüarlarla dolu çıxışlar formasında aparılması yeni nəslin nümayəndələrində mövzudan uzaqlaşma və mənfi münasibət yaradır. Rəisəli Delvari kimi şəxsiyyətləri elə təqdim etmək lazımdır ki, müasir yeniyetmə və gənc müstəqilliyi qorumaq və xarici qüvvələrin hökmranlığı altına düşməmək üçün Rəisəli Dəlvari kimi nümunələrə tabe olmağın zəruri olduğunu qəbul etsin.
Bu baxımdan hər şeydən əvvəl məzmun istehsalı sahəsində ağıllı yaradıcılığa ehtiyacımız var. Forma ilə məzmun arasında düzgün uyğunluq yaradaraq elə media və sənət məhsulu ortaya qoymalıyıq ki, bir tərəfdən yeni nəsil üçün cəlbedici olsun, digər tərəfdən isə onun keçmişlə bağlı anlayış və dərk səviyyəsinin yüksəlməsinə, həmin anlayışların müasir vəziyyətlə əlaqələndirilməsinə mühüm töhfə versin.
Çünki Rəisəli Delvari vətənini sevən, bu ölkənin izzəti, şərəfi və abadlığı üçün daim ciddi narahatlıq və məsuliyyət hissi daşıyan bütün nəsillər üçün nümunədir.
Rəyiniz